Nextcloud Serverləri Kritik Təhlükə Altında
Nextcloud serverlərinin təhlükəsizliyi ciddi risk altındadır. Şirkətin opsional tətbiqi olan Collabora Online – Built-in CODE Serverdə aşkarlanan kritik bir zəiflik, hakerlərə Nextcloud sistemlərinə web shell yerləşdirməyə imkan yaradıb.
Üç müxtəlif administrator tərəfindən GitHub platformasında qeydə alınan bu problem, ilk dəfə sentyabrın 10-da baş verən hücumla sənədləşdirilib. Bu, boşluğun artıq aktiv şəkildə Exploit edildiyini göstərir.
Zəifliyin Mahiyyəti
Aşkarlanan boşluq vasitəsilə hücumçular veb sorğu vasitəsilə göndərdiyi istənilən əmri veb server hesabının hüquqları ilə icra edə bilən kiçik bir fayl olan web shell-ləri sistemə yerləşdirirlər. Bu, hakerlərə Nextcloud serverləri üzərində geniş idarəetmə səlahiyyətləri əldə etməyə imkan verir. Web shell-lər hakerlərə sistem fayllarına daxil olmaq, məlumatları oğurlamaq, zərərli proqramlar (Malware) yükləmək və ya digər kənar müdaxilələr həyata keçirmək üçün bir Backdoor kimi xidmət edir.
Collabora Online – Built-in CODE Server kimi opsional tətbiqlərdəki bu cür kritik zəifliklər, adətən, əsas Nextcloud sistemindən ayrı olsa da, serverin ümumi təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Web shell-lərin yerləşdirilməsi server üzərində tam nəzarət əldə etməklə nəticələndiyi üçün bu boşluğun yaratdığı risk səviyyəsi olduqca yüksəkdir.