LibreOffice və OpenOffice-də Yeni Kritik Boşluq
Təhlükəsizlik tədqiqatçıları LibreOffice və Apache OpenOffice proqramlarında ciddi bir zəiflik aşkar ediblər. Bu boşluq, zərərli cədvəl (spreadsheet) fayllarının istifadəçi tərəfindən açıldığı anda hücumçunun kodunu icra etməsinə imkan verir.
Ən təhlükəli tərəfi odur ki, bu hücum zamanı proqram adi hallarda makro işə salmazdan əvvəl göstərdiyi xəbərdarlığı nümayiş etdirmir. Bu isə istifadəçilərin hücumdan xəbərsiz qalmasına və zərərli kodun sistemdə quraşdırılmasına şərait yaradır.
Hücum Mexanizmi və Şərtlər
Təhlükəsizlik tədqiqatçıları bu Exploit-in yalnız proqramın Java dəstəyi aktivləşdirildiyi halda işlədiyini göstəriblər. Hazırda bu zəiflik yalnız “Proof of Concept” (PoC) səviyyəsində nümayiş etdirilib və real hücumlarda istifadəsi barədə heç bir məlumat qeydə alınmayıb.
Lakin, potensial risklər yüksəkdir. Zərərli kodun icrası nəticəsində sistemə nəzarətin ələ keçirilməsi, həssas məlumatların oğurlanması, əlavə Malware-lərin quraşdırılması kimi ciddi fəsadlar yarana bilər.
İstifadəçilər Üçün Tövsiyələr
Bu zəiflikdən qorunmaq üçün LibreOffice və Apache OpenOffice istifadəçilərinə aşağıdakı tövsiyələrə əməl etmək məsləhət görülür:
- Proqramlarınızda Java dəstəyini yalnız zəruri hallarda aktivləşdirin və ya tamamilə deaktiv edin.
- Proqramlarınızı daim ən son versiyaya qədər yeniləyin.
- Naməlum mənbələrdən gələn cədvəl fayllarını açarkən son dərəcə ehtiyatlı olun.
- Antivirus proqram təminatınızın aktiv olduğundan və müntəzəm yeniləndiyindən əmin olun.
Təhlükəsizlik mütəxəssisləri bu kimi zəifliklərin aşkarlanmasının proqram təminatının ümumi təhlükəsizliyinin artırılması üçün vacib olduğunu vurğulayırlar.