Google Chrome Təhlükəsizlik Yeniləməsi Yaydı
Google şirkəti, Chrome veb brauzerində aşkarlanan və aktiv şəkildə istismar edilən iki yüksək təhlükəli Zero-Day Exploit-i aradan qaldırmaq üçün təcili təhlükəsizlik yeniləməsi yayımladığını elan edib. Bu boşluqlar hakerlər tərəfindən real hücumlarda istifadə edildiyi üçün, istifadəçilərin brauzerlərini dərhal yeniləmələri böyük əhəmiyyət kəsb edir.
Aşkarlanan Zəifliklər və Təsirləri
Yeniləmədə aradan qaldırılan əsas boşluqlardan biri, CVE-2026-3909 identifikatolu, Skia 2D qrafika kitabxanasında aşkar edilmiş bir out-of-bounds write zəifliyidir. Bu Exploit, CVSS reytinq sistemində 8.8 balla qiymətləndirilərək yüksək təhlükə səviyyəsində qəbul edilir.
Qeyd olunan zəiflik, uzaqdan bir hücumçuya xüsusi olaraq hazırlanmış HTML məzmunu vasitəsilə yaddaşın hüdudlarından kənar əməliyyatlar həyata keçirməyə imkan verir. Bu isə potensial olaraq sistemə nəzarət etməyə və ya həssas məlumatları ələ keçirməyə yol aça bilər. Google, digər zəiflik barədə (V8-i təsir edən) ətraflı məlumatları hələlik açıqlamayıb, lakin onun da aktiv şəkildə istismar edildiyini təsdiqləyib.
İstifadəçilər Üçün Tövsiyələr
Google şirkəti, Chrome istifadəçilərinə təhlükəsizlik risklərini minimuma endirmək üçün brauzerlərini mümkün qədər tez yeniləmələrini şiddətlə tövsiyə edir. Adətən, Chrome yeniləmələri avtomatik olaraq quraşdırılsa da, istifadəçilərin brauzerin son versiyada olduğundan əmin olmaq üçün əl ilə yoxlamaları (Chrome Ayarları > Chrome Haqqında) məsləhətdir. Bu, sisteminizin kibertəhlükəsizliyini qorumaq üçün atılacaq ən vacib addımdır.